Sadiq Qurbanov: Ermənistan mina terroruna görə beynəlxalq hüquq qarşısında cavab verməlidir
Bakı, 4 noyabr, AZƏRTAC
Vətən müharibəsindən sonra Azərbaycanın ən böyük problemi mina təhlükəsidir. Bu da səbəbsiz deyil ki, Prezident İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin də əlavə olunmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə keçirilən “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı deyib.
Komitə sədri hazırda Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin həmfikir qrupunun yaradılması istiqamətindən intensiv iş aparıldığını diqqətə çatdırıb.
“Ermənistan işğal dövründə Azərbaycan ərazilərinə 1 milyondan çox mina basdırıb. Mülki insanlarımız mina partlayışı səbəbindən həyatlarını itiriblər. Onların arasında uşaqlar da var. Ermənistanın mina terroru beynəlxalq hüququn normalarına ziddir və İrəvan buna görə cavab verməlidir. Müvafiq beynəlxalq təşkilat və qurumlar da bizi dəstəkləməlidir”, - deyə S.Qurbanov diqqətə çatdırıb.
O vurğulayıb ki, Azərbaycan sülh və ərazilərində təhlükəsizlik istəyir. Təəssüf ki, ölkəmizin sülh çağırışlarına hələ də cavab yoxdur.