Sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin satış-sərgisi keçirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif ixtisaslara yiyələnən gənclərin əl işlərindən ibarət satış-sərgisi keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 nömrəli “ASAN xidmət” mərkəzində keçirilən tədbirin məqsədi fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq potensiallarının cəmiyyətə tanıdılması və əl işlərinin satışının dəstəklənməsi yolu ilə onların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması olub.
Satış-sərgidə gənclərin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələr və s. əl işləri təqdim olunub.