Sağlamlıq imkanları məhdud şəxslər arasında qaçış üzrə birinciliyə yekun vurulub
Naxçıvan, 22 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Stadionunda sağlamlıq imkanları məhdud şəxslər arasında yüngül atletikanın qaçış növü üzrə “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında keçirilən birinciliyin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdikləri birincilikdə 21 idmançı mübarizə aparıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Bu gün muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində də davamlı tədbirlər görülür. Nazir yarışda iştirak edən bütün idmançılara uğurlar arzulayıb.
Paralimpiya Federasiyasının sədri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada məhdud fiziki imkanlı insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bütün sahələrdə müşahidə edilən dinamik inkişaf bu təbəqədən olan şəxslərin də sosial müdafiəsinin güclənməsinə hərtərəfli şərait yaradıb. Məhdud fiziki imkanlı insanlara tibbi və sosial reabilitasiya xidmətləri göstərilir, sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi yönündə işlər görülür. Keçirilən yarış da bunun bariz nümunəsidir.
Vurğulanıb ki, Paralimpiya Federasiyası bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, sağlamlıq imkanları məhdud insanların idmana cəlbinə diqqətlə yanaşacaq.
Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq edib, qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarını bildirib.
Sonda yarışda fərqlənən idmançılara və iştirakçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.