REGİONLAR
Şahbuz rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 126 boş iş yeri təqdim edilib
Şahbuz, 16 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən növbəti əmək yarmarkası Şahbuz rayonunda keçirilib. Yarmarkaya hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də qatılıb. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 23 müəssisədən 126 boş iş yeri təqdim edilib. Nəticədə 15 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Həmçinin əmək yarmarkasında peşə hazırlığı kurslarına 4 nəfərin qeydiyyatı aparılıb, onlardan 3 nəfərini hərbi xidmətdən tərxis olunmuş gənclər təşkil edib.
Növbəti əmək yarmarkası oktyabrın 18-də Ordubad rayonunda keçiriləcək.