ŞAHBUZDA YENİ SOSİAL-İQTİSADİ OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
BUSB-ın Şahbuz rayon şöbəsinin binasının açılışına həsr olunmuş mərasimdə rayon icra hakimiyyətinin başçısı Nürəddin Quliyev və başqa çıxış edənlər bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il sentyabr ayının 2-də Naxçıvana səfəri zamanı burada həyata keçirilən tədbirləri yüksək qiymətləndirməsi quruculuq işlərinə yeni vüsət vermişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov demişdir ki, bu gün Şahbuzda aparılan quruculuq işləri bütövlükdə ölkəmizdə gedən inkişafın tərkib hissəsidir.
Mərasim iştirakçıları bankın inzibati binasının otaqlarını gəzmişlər. Yüksək zövqlə tikilmiş ikimərtəbəli binanın 12 iş otağının hamısına təzə mebel, kompüter dəstləri qoyulmuşdur.
Şahbuz Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin binasının da açılış mərasimi olmuşdur. Mərkəzdə çalışan 21 işçinin 11 nəfəri 45 tənha, əlil və kimsəsizə xidmət göstərir.
Açılış mərasimindən sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz qəsəbəsində aparılan abadlıq, quruculuq işləri ilə tanış olmuş, ümummilli liderimizin adını daşıyan prospekt və istirahət parkına baxmışdır.
Bu gün quruculuq işləri rayonun kəndlərini də əhatə etmişdir. Sələsüz, Güney Qışlaq kəndlərində və Badamlı qəsəbəsində ucaldılan məktəb binalarında son tamamlama işləri aparılır.