İQTİSADİYYAT
Sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib

Bakı, 29 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Qlobal Sazişlə bağlı təqdimatla çıxış edən ekspert Samir Məmmədov statistikaya əsasən, strategiya və fəaliyyətinə insan hüquqları, ədalətli əmək münasibətləri, ətraf mühit və korrupsiya ilə mübarizə prinsiplərini tətbiq edən şirkətlərin daha gəlirli və davamlı, brendləri daha dəyərli, kapitala daha çox çıxış imkanına malik və əməkdaşlar, müştərilər və cəmiyyət üçün daha cəlbedici olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, BMT-nin Qlobal Sazişi müəssisələri öz strategiya və fəaliyyətlərini hamılıqla qəbul edilmiş insan hüquqları, işçi hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərlə uyğunlaşdırmağa və BMT-nin “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyə təşviq edir. Saziş 160-dan çox ölkədə 12 mindən çox biznes və 3 mindən artıq qeyri-biznes tərəfdaşlarını özündə birləşdirən korporativ təşəbbüsdür. Qlobal Sazişdə nəzərdə tutulan prinsiplər Ümumdünya İnsan Haqları Bəyannaməsi, İşdə Əsas Prinsiplər və Hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi, Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsi və BMT-nin Korrupsiyaya qarşı Konvensiyası kimi beynəlxalq sənədlərə əsaslanır. Sonda BMT-nin Qlobal Sazişi ilə bağlı sahibkarların sualları cavablandırılıb.