SAHİBKARLIĞIN İNKİŞAFI ÜÇÜN
Sumqayıtda Azərbaycan Prezidenti Heydər Əliyevin respublikada sahibkarlığın daha da inkişaf etdirilməsi üçün maksimum əlverişli şərait yaradılmasına yönəldilmiş son fərmanlarından irəli gələn vəzifələrlə əlaqədar Vergi müfəttişliyi orqanlarının fəaliyyətinin aktual məsələlərinin müzakirəsinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.
Regional vergi xidmətinin rəisi Arif Əşrəfov Sumqayıtın, Abşeron, Dəvəçi, Siyəzən, Qusar, Quba, Xızı, Xaçmaz, Qobustan, Qubadlı, Zəngilan, Laçın və Şuşa rayonlarını vergi müfəttişliyinin əməkdaşları qarşısında çıxış etmişdir. O, dövlətimizin başçısının “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyə0tinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi haqqında” və “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” Fərmanlarında irəli sürülmüş vəzifələrdən danışaraq bildirmişdir ki, bunlar respublikada sahibkarlığın inkişafı və iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün geniş imkanlar açan çox mühüm sənədlərdir.
Müşavirədə nəzərə çarpdırılmışdır ki, regionun vergi xidmətləri həmin fərmanlarında irəli sürülmüş vəzifələri yerinə yetirərək, əsassız yoxlamaların, bank hesablarının bağlanmasının sayını xeyli azaltmış, sahibkarların fəaliyyətinə əsassız müdaxilələrin qarşısı alınmışdır.
Vergi müfəttişliyi əməkdaşlarının nəzəri hazırlığının, peşə etikasının və nizam-intizam səviyyəsinin artırılmasının zəruriliyi xüsusi vurğulanaraq bildirilmişdir ki, dövlətin ən mühüm qurumlarından birinin təmsilçiləri kimi onlar yüksək mənəviyyat və vətənpərvərlik nümunəsi göstərməlidirlər.