Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda tarixçi-alim və şair Şahin Fazilin “Qubanamə” kitabının təqdimatı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq Şahin Fazilin elmi və ədəbi fəaliyyətindən bəhs edib. O vurğulayıb ki, Şahin Fazil Azərbaycan tarixşünaslığında öz dəst-xəti ilə seçilən alimdir. Onun tədqiqatları faktlara söykənməklə yanaşı, milli düşüncə və vətənpərvərlik ruhundadır. İlqar Niftəliyev deyib ki, “Qubanamə” xalqın yaddaşını, keçmişini və mənəvi dəyərlərini yaşadan ədəbi salnamədir. Onun sözlərinə görə, müəllif tarixlə poeziyanı ustalıqla birləşdirərək oxucunu həm düşündürür, həm də duyğulandırır.
Tədbir zamanı Şahin Fazilin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra Ülviyyə Şahin qızı “Quba sözlə yazıldı - Qubanamə” mövzusunda çıxış edərək atasının yaradıcılığı haqqında fikirlərini bölüşüb. O bildirib ki, “Qubanamə” yalnız ədəbi əsər deyil, həm də mənəvi borcun, torpağa bağlılığın ifadəsidir. Ülviyyə Şahin qızı atasının elmi və ədəbi irsinin gələcək nəsillər üçün dəyərli xəzinə olduğunu vurğulayıb.
Təqdimatda şair Ramiz Qusarçaylı “Min illərin Şahin Fazili” mövzusunda çıxış edərək müəllifin poeziyasındakı dərinlikdən və zamanlararası körpü yaradan yaradıcılıq gücündən danışıb. O deyib ki, Şahin Fazilin sözü keçmişlə bu günü birləşdirən mənəvi bağdır.
Tədbirdə tarixçi-alimlərin “Şahin Fazilin şeirlərində Ramiz Qusarçaylı fenomeni”, “Şahin Fazilin tədqiqatlarında tarixi mövzular”, “Vətənə vurğun Şahin Fazil” mövzularında çıxışları dinlənilib.