ŞAHİN İMRANOV AZƏRBAYCANA YEDDİNCİ MEDAL QAZANDIRMIŞDIR
Azərbaycanın idman azarkeşləri Olimpiadanın taekvondo yarışlarında yeganə təmsilçimiz olan Rəşad Əhmədova (80 kiloqram) böyük ümid bəsləyirdilər. O, Qətər nümayəndəsi Əbdülqadir Hikmət Sərxanla ilk döyüşü asanlıqla udaraq (5:2) ¼ finala çıxmışdır. Bu mərhələdə Rəşadın rəqibi kanadalı Sebastyan Mişo idi. Heç-heçə nəticələnən həmin döyüşdə hakimlərin qərarı ilə qələbə Rəşada verilmişdir.
İdmançımız yarımfinalda Olimpiya çempionu və ikiqat dünya çempionu iranlı Hadi Sayei ilə qarşılaşdı. İlk iki raundda qüvvələr bərabər idi, lakin üçüncü raundda İran taekvondoçusu üç zərbə ilə qələbə qazandı və finala çıxdı.
Bürünc medal uğrunda təsəlliverici görüşdə R.Əhmədov ikiqat Olimpiya çempionu, dördqat dünya çempionu, ABŞ idmançısı Stiven Lopes ilə qarşılaşmışdır. Bu döyüşdə də idmançımız uduzmuş, ötən Olimpiadada olduğu kimi, medala bir addım qalmış mübarizəni dayandırmışdır.
Avqustun 22-də Azərbaycan qadın gimnastları - Dinara Gimatova və Aliyə Qarayeva, habelə qrup komandamız xalça üzərinə çıxmışlar. Aliyə təsnifat mərhələsini uğurla keçərək finala çıxmışdır. Dinara isə final onluğuna daxil ola bilməmişdir.
Ölkəmizi Olimpiadada ilk dəfə təmsil edən qrup komandamız da finala çıxmışdır. Avqustun 23-də bədii gimnastika üzrə yarışlar başa çatacaqdır.
Xatırladaq ki, Olimpiadanın 14 günü ərzində idmançılarımız bir qızıl, iki gümüş və dörd bürünc medal qazanmışlar. Bu nəticə ilə ölkəmiz 35-ci yerdədir. Birinci yeri isə əvvəlki kimi Çin idmançıları tuturlar.