ŞAHMAT ÜZRƏ MUXTAR RESPUBLİKA BİRİNCİLİYİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
Naxçıvan, 30 dekabr (AZƏRTAC). Naxçıvan şəhər Şahmat Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyik Gününə və “Uşaq ili”nə həsr edilmiş şahmat üzrə muxtar respublika birinciliyi başa çatmışdır.
Dekabrın 30-da yarışların bağlanış mərasimi keçirilmişdir.
Naxçıvan MR Şahmat Federasiyasının sədri V.Səfərov ölkəmizdə idmana dövlət qayğısından danışmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov yarışın qaliblərini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Demişdir ki, ölkəmizdə şahmatın inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin bütün rayonlarında şahmat məktəbləri yaradılaraq gənclərin istifadəsinə verilmişdir. Təəssüf ki, XX əsrin 90-cı illərinin əvvəlindəki dağıdıcılıq prosesi şahmat məktəblərinə də çox böyük zərbə vurdu. Şahmat məktəbləri yeməkxanalara çevrildi, özəlləşdirildi, yaxud fəaliyyəti dayandırıldı. Ulu öndərimizin siyasi hakimiyyətə qayıdışından sonra bu məsələlərə yenidən baxıldı. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, şahmatın inkişafı istiqamətində də ümummilli liderimizin yolunu uğurla davam etdirir. Dövlət başçısının 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” buna əyani misaldır. Azərbaycanda şahmata göstərilən qayğının nəticəsidir ki, bu yaxınlarda Avropa çempionatından qayıtmış şahmatçıları ölkə başçısı qəbul etmişdir. Bakı şəhərində böyük Şahmat Sarayının tikintisi üçün sərəncam verilməsi, bölgələrdə şahmat məktəblərinin yenidən qurulması, yeni şahmat mərkəzlərinin tikilməsi, dövlət büdcəsində bu iş üçün vəsaitin nəzərdə tutulması ölkəmizdə şahmatın inkişafına nə qədər böyük diqqət və qayğı ilə yanaşıldığının göstəricisidir.
Ali Məclisin sədri məlumat vermişdir ki, Naxçıvan şəhərində Şahmat Mərkəzi, Şərur, Culfa və Şahbuz rayonlarında şahmat məktəbləri tikilib istifadəyə verilmişdir. Belə tədbirlər növbəti illərdə də davam etdiriləcəkdir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızın şahmat məktəblərində 4000-ə yaxın gənc şahmatın sirlərini öyrənir. Onların təlim və məşqləri ilə 170-ə yaxın müəllim məşğul olur. Dekabrın 24-də başlanan şahmat yarışında muxtar respublikamızın bütün bölgələrindən 102 şahmatçı iştirak etmiş, onların sırasından qaliblər müəyyənləşdirilmişdir. Naxçıvan şəhərindənki Şahmat Mərkəzində təkcə muxtar respublika səviyyəli deyil, Azərbaycandaxili, o cümlədən beynəlxalq yarışları da keçirməyə hazırıq. Ancaq həmin yarışlarda muxtar respublikanın şahmatçıları mütləq iştirak etməli və yer tutmalıdırlar. Ona görə də müəllimlər şahmatın təlimi və tədrisi ilə yaxşı məşğul olmalı, özləri şahmatın tədrisini dərindən öyrənməlidirlər. Naxçıvan MR Şahmat Federasiyasına tapşırıq verilmişdir ki, Azərbaycanda fəaliyyət göstərən yüksək dərəcəli şahmat müəllimləri muxtar respublikaya dəvət olunsun, müəllimlərimiz üçün ustad dərsləri keçilsin, beləliklə, onlar məktəblərdə öz fəaliyyətlərini səmərəli qura bilsinlər.
Sonra V.Talıbov qalib şahmatçılara diplom və qiymətli hədiyyələri təqdim etmişdir.
Ali Məclisin sədri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şahmat kollektivlərini təbrik etmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.
######
