Şair ömrünün sözə çevrilmiş hekayəsi
Bakı, 15 oktyabr (AZƏRTAC). “Elm” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə tanınmış alim və şair Məhəmmədtağı Zehtabinin “Başqa dilim, elim var mənim” şeirlər kitabı çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, kitabı tərtib edən və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, redaktoru isə filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur.
Kitabda daha çox tarixçi və türkoloq kimi məşhur olan Məhəmmədtağı Zehtabi oxuculara şair kimi təqdim olunur. Kitaba ədibin vətəndən ayrı düşdüyü, mühacirətdə yaşadığı illərdə qələmə aldığı şeirlər daxil edilmişdir. M.Zehtabi bu şeirləri 1947-1978-ci illər arası Aşqabad, Bakı, Berlin, Bağdad şəhərlərində yaşayıb fəaliyyət göstərdiyi illərdə yazmışdır.
P.Məmmədlinin kitaba yazdığı “Ön söz”ü oxuyarkən bir daha M.Zehtabinin kəşməkəşli ömür yolu və zəngin yaradıcılığı haqqında oxucuda dolğun məlumat yaranır.
Məlum olur ki, 1923-cü ildə Şəbüstərdə anadan olmuş M.Zehtabi ana dili ilə yanaşı, fars, ərəb, fransız və rus dillərini mükəmməl mənimsəmişdir. İranda doğulan ədib Bakıya gəlmək arzusunu reallaşdırarkən ömrünün 6 ilini Sibirdə sürgün həyatında yaşamaq məcburiyyətində qalmışdır. Stalinin ölümündən sonra bəraət alaraq Sibirdən Tacikistanın paytaxtı Düşənbə şəhərinə göndərilmişdir. Bir ildən sonra isə ali təhsil almaq arzusu ilə Azərbaycana gəlmişdir. Bakı Dövlət Universitetində təhsilini başa vurduqdan sonra 15 il müddətində şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatını tədris etmişdir. Lakin tale elə gətirmişdir ki, o, 1971-ci ildə İraqa köçməli olmuş və nəhayət 1979-cu ildə İranda Pəhləvi rejiminin süqutundan sonra vətəni Təbrizə qayıdaraq ömrünün sonuna, yəni 1998-ci ilədək burada yaşamışdır.
Türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınan M.Zehtabi bədii yaradıcılıqla da məşğul olmuşdur. Həyatın min bir məşəqqətləri ilə üzləşən Məhəmmədtağı Zehtabi öz qəlb ağrılarını sözün gücü ilə ifadə edərək əbədiləşdirə bilmişdir. Böyük müşahidə qabiliyyətinə malik olan şairin qələmindən onlarla gözəl əsərlər çıxmışdır.
Hazırda oxuculara təqdim edilən “Başqa dilim, elim var mənim” kitabındakı şeirlər tarixi xronologiya əsasında sıralanmışdır. Kitabda “Ön söz”lə yanaşı, çətin anlaşılan sözlərin izahı və şərhi oxucuya şairin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaratmışdır.
M.Zehtabinin kitabındakı şeirləri bir növ şairin doğulduğu diyardan ayrılıb daha ədalətli bir yer tapmaq arzusundan, çətinliklərlə sovetlər diyarına keçə bilsə də sonradan yanıldığından doğan fikirlərin poetik dillə ifadəsini özündə əks etdirir.
İnanırıq ki, nəfis tərtibatlı 208 səhifəlik bu kitab hər bir poeziyasevərin qəlbinə yol tapacaqdır.
######
