Salyanda “dəyirmi masa”: Əli bəy Hüseynzadə - İstiqlal aşiqi
Salyan, 25 may, Mahir Babayev, AZƏRTAC
Mayın 25-də Əli bəy Hüseynzadə adına Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadəyə həsr olunmuş “İstiqlal aşiqi” adlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Əli bəy Hüseynzadənin abidəsi ziyarət edilib. Daha sonra rəsm sərgisi, həmçinin Əli bəy Hüseynzadə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında kitab sərgisi, eləcə də Əli bəy Hüseynzadənin Türkiyədən gətirilərək Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının fotosərgisi ilə tanışlıq olub.
“Dəyirmi masa”nı açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə tutduğu önəmli mövqedən danışdı. Vurğuladı ki, ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir bir dövlət kimi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən söz açdı. Bildirdi ki, Xalq Cümhuriyyəti gələcək müstəqil Azərbaycanın qurulması üçün bünövrə rolunu oynayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində parlaq səhifə olduğunu və qısa müddət yaşamasına baxmayaraq böyük uğurlara imza atdığını diqqətə çatdırdı. “Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Cümhuriyyət qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz inkişaf yolunu seçdi. Bu yolda ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi”, - deyə nazir bildirdi.
Əbülfəs Qarayev Əli bəy Hüseynzadənin ölkəmizin fikir tarixində önəmli şəxsiyyətlərdən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Əli bəy Hüseynzadəyə məxsus əşyalar, sənədlər bir neçə il öncə Azərbaycana gətirilib.
Nazir sonra Əli bəy Hüseynzadənin çəkdiyi rəsm əsərini Əli bəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyinə verilməsi üçün Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova təqdim etdi.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin böyük ideoloqu Əli bəy Hüseynzadənin türkləşmə, islamlaşma, müasirləşmə kimi ideoloji triadanın müəllifi olduğunu vurğuladı. O, Əli bəy Hüseynzadənin nəinki Azərbaycanda, türk dünyasında da geniş tanındığını diqqətə çatdırdı. Bildirdi ki, Əli bəy Hüseynzadə bütöv türk dünyasının ideoloqu səviyyəsinə yüksəlib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı, Əliağa Hüseynov, Təfəkkür Universitetinin rektoru Rahim Hüseynov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətindən söz açıb, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından, mübarizə yolundan danışıblar.
Qeyd edək ki, “dəyirmi masa” Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.