Salyanda Dövlət Bayrağı Günü bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur
Salyan, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Salyanda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra rayon icra hakimiyyəti binası qarşısından Bayraq meydanınadək yürüş keçirilmişdir. Əsgər və zabitlərin çiyinlərində daşıdığı Dövlət bayrağı, məktəblilərin dövlət rəmzləri haqqında söylədikləri şeirlər şəhərin küçə və meydanlarında bayram coşqusunu daha da artırmışdır.
Bayraq meydanında keçirilmiş tədbirdə çıxış edənlər müstəqil Azərbaycanın yeni tarixinə nəzər salmışlar. Qeyd edilmişdir ki, üçrəngli bayrağımız 70 illik fasilədən sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırılmış və sonradan Azərbaycanın dövlət bayrağı kimi qəbul olunmuşdur. Prezident İlham Əliyevin dövlət rəmzlərinə verdiyi qiymətdən danışan natiqlər Salyanda 2,1 hektar ərazidə Bayraq Meydanının tikilməsini və dövlətimizin başçısının meydanın açılışında iştirakını bunun bariz nümunəsi kini səciyyələndirmişlər.
Meydanda hündürlüyü 42 metrə çatan bayraq dirəyi ucaldılmış, istirahət parkı salınmışdır. Buradakı 17 fəvvarə və göz oxşayan yaşıllıqlar və dekorativ “Buta” Bayraq Meydanın gözəlliyinə əlavə rəng qatmışdır.
Müstəqilliyimizə və Dövlət rəmzlərinə həsr olunan ədəbi-bədii kompozisiya ilə davam edən tədbir iştirakçılarda xoş ovqat yaratmışdır.