Salyanlı könüllülər Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını və yaşlı qadınları təbrik ediblər
Salyan, 6 mart, Mahir Babayev, AZƏRTAC
Martın 6-da Beynəlxalq Qadınlar Günü ərəfəsində Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Könüllülər qrupu rayonun yaşlı qadınlarına, şəhid analarına baş çəkərək onları qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edib, bayram hədiyyələri ilə sevindiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə çıxış edən ağbirçək qadınlar - şəhid Murad İsmayılovun anası İntizar xanım, şəhid Rəhman Xudaverdiyevin anası Adibə xanım, Mərkəzin əmək təqaüdündə olan əməkdaşı Əminə Abdinova göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından danışıblar.