Şamaxıda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri müzakirə olunub
Şamaxı, 18 noyabr, AZƏRTAC
Şamaxıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının birgə iclası keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Hikmət Şikarov, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və komissiyanın üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon komissiyasının sədri Hikmət Şikarov son illər rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülmüş işlərdən danışıb. Komissiya sədri qeyd edib ki, bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsinin həlli ölkəmiz üçün də vacib məsələlərdəndir. Vurğulayıb ki, bu sahədə həyata keçirilən işlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılıb, institusional islahatlar həyata keçirilib, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. Natiq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci il 11 mart tarixli iclasında qəbul edilən qərarlardan, bu qərarların icrası istiqamətində görülən işlərdən də ətraflı danışıb.
Tədbirdə çıxış edən Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov Komissiya tərəfindən ölkə ərazisində görülmüş işlərdən, həmçinin qəbul edilmiş qərarların icrası sahəsində birgə fəaliyyətin vacibliyindən danışıb.
Çıxış edən Komissiya üzvləri rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədən bəhs edərək, maarifləndirmə işlərinin zəruriliyindən, qarşılıqlı fəaliyyətin səmərəliliyindən bəhs ediblər.