ŞAMAXIDA YAPONİYA HÖKUMƏTİNİN VƏSAİTİ HESABINA TİKİLMİŞ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Şamaxı şəhərindəki İnşaatçılar qəsəbəsində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramının vəsaiti hesabına inşa edilmiş 200 şagird yeri olan orta məktəb binasının açılışı olmuşdur. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Masamutsu Oki iştirak etmişdir.
Qəsəbə sakinləri, müəllimlər və məktəblilər qonağı hörmətlə, gül dəstələri ilə qarşılamışlar.
Səfir səmimi münasibət üçün təşəkkürünü bildirmiş, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Şamaxıya ilk dəfə gəldiyini söyləyən diplomat şəhərin özünəməxsus gözəlliyindən, insanların mehribanlığı və qonaqpərvərliyindən məmnunluğunu bildirmişdir. Yeni məktəb binasının burada Yaponiya hökuməti tərəfindən 2-ci qrant vəsaiti hesabına tikildiyini qeyd edən natiq 2001-ci ildə Şamaxı şəhər orta internat məktəb binasının da Yaponiya vəsaiti hesabına əsaslı təmir edildiyini diqqətə çatdırmışdır. Çıxışının sonunda qonaq demişdir ki, yapon xalqı öz ölkəsini günəşin doğduğu yer adlandırır. Sizlərə günəş kimi işıqlı gələcək, uğurlu təhsil arzulayıram.
Rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırmış, bunu əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasətin məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Ölkəmizdə son illər təhsil sahəsində, ümumən sosial-iqtisadi sahədə həyata keçirilən irimiqyaslı layihələrdən, qazanılan uğurlardan bəhs edən icra hakimiyyətinin başçısı qədim tarixi olan Şamaxıda görülən işlərdən də ətraflı bəhs etmişdir. Natiq qrant layihəsinə görə sakinlər adından Yaponiya hökumətinə, səfir Masamutsu Okiyə təşəkkürünü bildirmişdir.
Səfir və icra hakimiyyətinin başçısı açılışı bildirən rəmzi lenti kəsmiş, qonaqlar sinif otaqlarını gəzmiş, məktəblilər üçün yaradılan şəraitlə tanış olmuşlar.
Açılış mərasimindən sonra səfir Şamaxı şəhəri ilə tanış olmuşdur. Tamamlama işlərinin aparıldığı Heydər Əliyev adına parkı gəzən qonaqlar burada Heydər Əliyev muzeyinə baxmışlar. Milli memarlıq üslubu saxlanılmaqla inşa edilən ikimərtəbəli muzey qonaqlarda xoş təəssürat yaratmışdır. Nazim İsmayılov zövqlə tərtib edilmiş ayrı-ayrı eksponatlar, nadir fotoşəkillər barədə məlumat vermişdir.