Samux və Şəmkirdə “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimləri keçirilib
Samux, 10 iyul, Vüsalə Cənnətova, AZƏRTAC
Samuxda və Şəmkirdə “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimləri rayon icra hakimiyyətləri və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirlərdə kitab haqqında videoçarx nümayiş etdirilib.
Çıxışlarda vurğulanıb ki, erməni millətçilərinin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulub. “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabı bu baxımdan Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox qiymətli mənbədir. Yeni nəşr Azərbaycan, ingilis, rus dillərində çap edilib.
Bildirilib ki, tarixi Azərbaycan torpaqlarının maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmaların aparılması çox önəmlidir. Natiqlər “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində görülən işlərdən də bəhs ediblər.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.