Sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir
Bakı, 31 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı H.Z.Tağıyev qəsəbəsi “Xəzri Bağları 2” massivi ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsinin vəzifəli şəxsi V.Qəhrəmanov barəsində protokol tərtib edilib. Ona 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.