SANKT-PETERBURQDA AZƏRBAYCAN TARINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Sankt-Peterburq Şəhər Konservatoriyasının professorları V.Qureviçin, M.Lobanovun və İ.Alaşevskinin, Azərbaycan diasporu nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən natiqlər tarın meydana gəlmə tarixindən danışmış, dünya mədəniyyətinin zənginləşməsində Azərbaycan tarının əhəmiyyətini vurğulamışlar.
Azərbaycanın baş konsulu Qüdsi Osmanov tarzənlər Mirzə Sadığın və Mirzə Fərəc Rzanın tarın təkmilləşdirilməsi istiqamətində gördükləri işləri sadalamış, Heydər Əliyev Fondunun muğamın qorunub saxlanılması və inkişafındakı böyük xidmətlərini xüsusi qeyd etmişdir.
Muzeyin tar alətləri şöbəsinin müdiri V.Koşelev muzeydəki 31 tar nümunələrini tədbir iştirakçılarına göstərmiş və tar haqqında məruzə etmişdir.
Sonra tarzən Faiq Çələbi, skripka ustası Vladimir Şulyakovski, violonçel çalan V.Sobolenko və digərləri Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərlərini, həmçinin milli musiqimizi Avropa musiqisi ilə sintez şəklində ifa etmişlər.
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.