Şanxay sərgisində Azərbaycan məhsullarına maraq böyükdür
Pekin, 6 noyabr, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində 4-cü Çin Beynəlxalq İdxal Sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, ÇXR Sədri Si Cinpinin himayəsi ilə keçirilən sərgi idxal məhsullarının və xidmətlərinin Çin bazarına girişini təşviq etmək və bu işə dəstək məqsədi daşıyır. Bu, dünyada ölkə səviyyəsində keçirilən ən iri idxal sərgisidir.
Ümumi ekspozisiya sahəsi 366 min kvadratmetr olan sərgidə Azərbaycanın 15 şirkətinin istehsalı olan nar şirəsi, şərab və digər spirtli içkilər, mineral sular, un və qənnadı məmulatları, limonad, gül yağları və sair məhsullar vahid ölkə stendində nümayiş olunur. Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaq.
Sərgi çərçivəsində “Kəmər və yol” ölkələri və yerli hökumətlər arasında ikitərəfli əməkdaşlıq mövzusunda keçirilmiş konfransda Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu çıxış edərək Azərbaycan-Çin ticari-iqtisadi münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərindən danışıb.
Qeyd edək ki, pandemiya səbəbindən bu il sərgidə daha az ölkə milli pavilyonu ilə təmsil olunur. Azərbaycan da həmin ölkələrin sırasındadır. Ümumiyyətlə, Azərbaycan 2018-ci ildən bəri keçirilən ənənəvi Çin Beynəlxalq İdxal sərgilərinin hamısında iştirak edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin