Saray qəsəbəsində AzMİU-nun məzunu şəhid Rauf İbadovun xatirə bulağı açılıb
Bakı, 1 noyabr, AZƏRTAC
Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu, Vətən müharibəsi şəhidi Rauf İbadovun xatirəsinə inşa edilən bulağın açılışı olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, xatirə bulağı şəhidin adını daşıdığı küçədə inşa edilib. Xatirə bulağının açılışında bildirilib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin qəhrəmanlığı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. Əsrlər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcək.
İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva Rauf İbadov haqqında xatirələrini bölüşüb, onun nümunəvi tələbə, vətənpərvər gənc olduğunu diqqətə çatdırıb. Tədbirdə universitetin tələbəsi Nüsrət Fərəcov şəhidlər haqqında şeir söyləyib.
Qeyd edək ki, Rauf İbadov AzMİU-nun İnşaat-texnologiya fakültəsinin məzunu olub. Vətən müharibəsi başlayanda digər qəhrəman oğullarımız kimi, o da könüllü cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli, Hadrut və Qubadlı uğrunda döyüşlərdə fəal iştirak edib və Laçın dəhlizi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. O, Vətən qarşısında xidmətlərinə görə, dövlətimizin başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.