SEÇKİ MƏCƏLLƏSİ LAYİHƏSİNİN İLK GENİŞ MÜZAKİRƏSİ UĞURLA BAŞA ÇATDI
Dekabrın 17-də Milli Məclisdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi layihəsinin müzakirəsi davam etdirilmişdir.
Qruplarda diskussiyalardan sonra “dəyirmi masa” iclasında sədrlik edən ATƏT-in seçki məsələləri üzrə baş müşaviri Nikolay Vulçanov ikigünlük işə yekun vurdu. O, əvvəlcə parlamentdə əksəriyyətə malik olan Yeni Azərbaycan Partiyasının nümayəndəsi Əli Əhmədova söz verdi.
Əli Əhmədov bildirdi ki, layihə ədalətli və şəffaf seçkilər keçirilməsi üçün hüquqi zəmin yaradır. O, beynəlxalq hüquq normalarına uyğun hazırlanmışdır və bütün siyasi partiyalara seçkilər prosesində iştirak üçün lazımi şərait olmasını nəzərdə tutur. Bəzi müxalifət partiyalarının qeyri-konstruktiv mövqeyinə gəldikdə isə, Əli Əhmədov vurğuladı ki, onlar özlərinin normal dialoqa hazır olmadıqlarını bir daha sübut etmişlər.
Eldar İbrahimov bitərəf deputatlar adından çıxış edərək, xüsusi nəzərə çarpdırdı ki, Seçki Məcəlləsinin layihəsi bütün tələblərə cavab verir və parlamentə təqdim olunmaq üçün hazırdır.
Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Rauf Qurbanov “dəyirmi masa”da iştirak etmiş siyasi partiyaların mövqeyindən danışdı. O bildirdi ki, bu partiyalar təqdim olunan sənədə dair təklif və qeydlərini Milli Məclisə yazılı şəkildə verəcəklər.
Prezidentin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev dedi ki, məcəllənin layihəsi İFES və ATƏT-də müzakirə olunduqdan sonra bu ilin noyabrında bütün siyasi partiyalara göndərilmişdir. Müxalifət partiyaları liderlərinin iddia etdiklərinin əksinə olaraq, onların bu sənədi öyrənmək üçün kifayət qədər vaxtı var idi. O, müxalifət liderlərinin “dəyirmi masa”da iştirak etməməsini izahı olmayan bir addım kimi qiymətləndirdi. Şahin Əliyevin fikrincə, bununla belə, bütün siyasi partiyalar layihəyə dair təklif və qeydlərini Prezidentin İcra Aparatına, Milli Məclisə, Venesiya Komissiyasına və İFES-ə göndərə bilərlər.
Venesiya Komissiyasının bölmə rəhbəri Pyer Qaron Seçki Məcəlləsi layihəsinin beynəlxalq seçki standartlarına uyğun gəldiyini söylədi, eyni zamanda dedi ki, onun geniş müzakirəsi zamanı mütəxəssislərin və siyasi partiyaların rəyini nəzərə almaq lazımdır.
Nikolay Vulçanov “dəyirmi masa”ya yekun vuraraq, müzakirələrin səmərəli keçdiyini bildirdi və tədbirin bütün iştirakçılarına təşəkkür etdi.
“Dəyirmi masa” iclasında Prezidentin İcra Aparatının şöbə müdirləri Fuad Ələsgərov, Əli Həsənov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.