REGİONLAR
Sədərək könüllüləri tarixi yerlərin, maddi-mədəniyyət nümunələrinin də qorunmasında fəallıq göstərirlər
Sədərək, 6 mart, AZƏRTAC
Muxtar respublikanın sərhəd bölgəsi olan Sədərək rayonunun könüllüləri ahıl vətəndaşlara, tənha qocalara dəstək olmaqla yanaşı, tarixi yerlərin, maddi-mədəniyyət nümunələrinin də qorunmasında fəallıq göstərirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, könüllülərin növbəti ünvanı Sədərək kəndində yerləşən tarixi Əjdəhan mağarası olub.
Əvvəlcə könüllülər qrupunun rəhbəri Sərxan İsmayılov mağara haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu mağara rayonun Sədərək kəndindən şimalda, qayalığın içərisində olan ölkə əhəmiyyətli arxeoloji abidədir. Yaxınlığında “Cindili” bulaq yerləşir. Mağaranın uzunluğu 12 metr, eni 3-4,5 metr, hündürlüyü 2-2,5 metr arasındadır. Arxeoloji araşdırmalar zamanı burada qədim mədəniyyət izləri aşkarlanıb. Məlum olub ki, mağaradan müəyyən müddət yaşayış məskəni kimi istifadə edilib. Yaşayış yeri III-VIII əsrlərə aiddir.
Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində mənfur qonşularımızın məkrli planları bu ərazidən də yan keçməyib. Həmin illərdə mağaraya mərmi düşdüyündən onun tavanının bir qismi dağılıb.
Sonra könüllülər mağaranın giriş qapısını daşlardan təmizləyib, bura sərbəst girişi bərpa ediblər. Mağaranın içərisində olan böyük daşlar və daş qırıntıları könüllülər tərəfindən təmizlənib, insanların mağaranı rahat şəkildə ziyarət etmələrinə şərait yaradılıb.
Qeyd edək ki, mağarada təmizlik işləri zamanı könüllülər tərəfindən tapılan qədim saxsı qabların qalıqları Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.
X X X
Sədərək könüllüləri Heydərabad qəsəbə sakini, ahıl vətəndaş Səkinə nənə ilə də görüşüblər. Qrupun qadın könüllüləri Səkinə nənənin yaşadığı mənzildə təmizlik işləri aparıb, səliqə-sahman yaradıblar.
Oğlanlardan ibarət qrup həyətyanı sahədə əkin sahəsi üçün ayrılan ərazini kiçik daşlardan təmizləyib, payız fəslindən tökülən xəzəlləri yığıb, yer belləyiblər. Səkinə nənənin istəyi ilə yeni meyvə tingləri qurumuş ağacların yerinə əkilib.
Görüləcək işlər yerinə yetirildikdən sonra gənclər çay süfrəsi ətrafında Səkinə nənə ilə söhbət ediblər.
Səkinə nənə görülən bu işlərdən məmnunluğunu bildirərək qeyd edib ki, bu gün yaşlı nəslin nümayəndələri belə gənclərlə fəxr edir.