Sədrəddin Atakişizadə: Koronavirusla bağlı təhlükə sovuşmayıb, qaydalara etinasız yanaşılmamalıdır
Bakı, 9 may, AZƏRTAC
Ölkəmizdə karantin rejiminin yumşaldılması vətəndaşları arxayın salmamalıdır. İnsanlar təhlükənin aradan qalxdığını düşünərək qaydalara etinasız yanaşmamalıdırlar. Hər kəs bilməlidir ki, koronavirusla mübarizə davam edir, təhlükə sovuşmayıb. Digər tərəfdən, hazırda insanlar arasında virus daşıyıcıları daha çox formalaşıb. Virus daşıyıcılarının xəstələrdən fərqi ondan ibarətdir ki, onlar praktiki sağlam olurlar. Onlarda xəstəliyin əlaməti olmur. Ona görə də həmin şəxslərlə qoruyucu maskalarsız və digər profilaktik tədbirlər həyata keçirmədən təmasda olanda xəstəliyə asanlıqla yoluxma ehtimalı var.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yoluxucu xəstəliklər şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sədrəddin Atakişizadə bildirib. O deyib ki, bütün bunları nəzərə alaraq vətəndaşlar ehtiyatı əldən verməməlidirlər. Digər vətəndaşlarla sosial məsafə gözlənilməlidir. Profilaktik tədbirlər həyata keçirilməlidir. Tibbi maskalardan istifadə mütləqdir. Vətəndaşlar vacib olmadığı təqdirdə çölə çıxmamalıdırlar. Əgər çıxarlarsa, maskalardan istifadə etməlidirlər. Bunlar özünü, yaxınlarını, ətrafdakıları qorumaq üçün şəxsi məsuliyyətdən irəli gələn məsələlərdir. Qaydalara əməl edərək dövlətin koronavirusa qarşı apardığı mübarizəyə töhfə vermək lazımdır.