“Şəfa” stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçidinin tikintisi davam edir
Bakı, 21 noyabr (AZƏRTAC). Paytaxtın Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, “Şəfa” stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçdin tikintisi davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə üzrə tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir.
Hazırda 4 hərəkət zolağından ibarət olacaq tunelin istinad divarlarının naxışlı beton piltələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi və yan yollara asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri gedir.
Həmçinin ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu 105 metr, eni 16 metr, hündürlüyü isə 3 metr nəzərdə tutulmuşdur. Dörd giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır.
Ümumilikdə layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci köndələn küçəsinə və hava limanına maneəsiz gedə biləcəklər.