SƏFİR İRANIN SƏHİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Dekabrin 29-da Azərbaycanın İran İslam Respublikasındakı səfiri Abbasəli Həsənov bu ölkənin səhiyyə naziri Məsud Pezeşkiyan ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı Abbasəli Həsənov Azərbaycanın və İranın qədim müştərək mədəniyyətə malik olduğunu vurğulayaraq, Prezident Heydər Əliyevin bu il mayın 18-20-də Tehrana rəsmi səfərindən sonra iki ölkə arasındakı münasibətlərdə tərəqqiyə doğru dönüş yarandığını və dövlətlərimizin müxtəlif qurum rəhbərlərinin qarşılıqlı səfərlərinin keçirildiyini qeyd etmişdir.
Həmin səfərlərin davamı olaraq Azərbaycanın səhiyyə naziri Əli İnsanovun İrana yaxın zamanlarda gözlənilən rəsmi səfəri ərəfəsində keçirilən görüşdə səfir Abbasəli Həsənov hazırda ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini, səhiyyə üzrə də əlaqələrin genişləndirilməsi üçün hər cür imkanın mövcud olduğunu İran nazirinin diqqətinə çatdırmışdır.
Görüş zamanı, həmçinin, Bakı şəhərində Azərbaycan-İran müştərək müalicə müəssisəsinin yaradılması, respublikamızın dünyada tanınan həkimlərinin təcrübəsindən İranda, bu ölkənin məşhur həkimlərinin təcrübəsindən Azərbaycanda bəhrələnməyin mümkünlüyü, tibb təhsili alan tələbələrin mübadiləsi barədə müzakirələr aparılmışdır.
Nazir Məsud Pezeşkiyan Azərbaycanla İran arasında səhiyyə sahəsində əməkdaşlığın qurulması, bir sıra yoluxucu xəstəliklərə qarşı birgə mübarizə proqramı hazırlanması və Bakıda müştərək müalicə mərkəzinin yaradılması ideyalarını dəstəklədiyini bildirmiş, azərbaycanlı həmkarı Əli İnsanovu və onu müşayiət edəcək nümayəndə heyətinin İrana rəsmi səfərini səbirsizliklə gözlədiyini vurğulamışdır.