Şəhid anası: Oğlumun şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm
Bakı, 2 fevral, AZƏRTAC
Vətən uğrunda döyüşmək, ölkəmizin ərazi bütövlüyü uğrunda son damla qanına qədər vuruşmaq hər bir azərbaycanlının borcudur. Vətənimiz tarixboyu igidlər, ər oğullar yetişdirib. Bu torpağın hər addımı şəhid qanı ilə yoğurulub. Ana Vətənin hər qarışı uğrunda müharibələrdə düşmənə qan udduran, ölümün gözünə dik baxan övladlardan biri də oğlum Muxtar Qasımovdur. O, 1992-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Oğul itkisi ürəyimi yandırsa da, onun torpaq uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmasına görə fəxr edirəm.
Bu sözləri şəhidin anası Şəfiqə Qasımova AZƏRTAC-a müsahibəsində deyib. Şəhid anası bildirib ki, dövlət Vətən fədailərinin ailə üzvlərinə, vərəsələrinə daim dəstək olur, şəhidlərin xatirəsini əziz tutur. Birdəfəlik ödəmələrin verilməsinə münasibət bildirən Ş.Qasımova ölkə başçısı İlham Əliyevə öz minnətdarlığını bildirib.
Şəhid anası tezliklə işğal altındakı torpaqlarımızın erməni qəsbkarlarından azad olunacağına və şəhidlərin qisasının alınacağına inandığını bildirib.