Şəhid Niyaz Novruzovun nəşinin qalıqları doğulduğu kənddə dəfn olunub
Goranboy, 6 iyun, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Novruzov Niyaz İlyas oğlunun meyitinin qalıqları Goranboy rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi bu gün ailəsinə təhvil verilib və doğulduğu Veyisli kəndində vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Novruzov Niyaz İlyas oğlu 1992-ci ildə Ağdərə rayonunun “Qızılqaya” yüksəkliyi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.