Şəhid övladları Novruz tonqalını alovlandırdılar
Qax, 19 mart, AZƏRTAC
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu, yaddaşımızı, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı Qaxda böyük coşqu ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baharın gəlişi münasibətilə martın 19-da Qax şəhərindəki Bayraq meydanında ümumrayon şənliyi keçirilib.
Tədbirin keçirildiyi meydan gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilmişdi. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsindən xəbər verirdi.
Rayon rəhbərliyi, şənlik iştirakçıları və qonaqlar əvvəlcə ayrı-ayrı əmək kollektivlərinin, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkil etdikləri səmənilərlə, xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, qaxlıları bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığını bildirib. Vurğulayıb ki, artıq xalqımız Novruz bayramını ikiqat sevinc hissi, Qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. İndi xalqımız Novruz tonqalının Xankəndi şəhərində, Şuşada, Xocalıda, Laçında, işğaldan azad olunmuş digər şəhər və rayonlarımızda alovlandırılmasından böyük qürur hissi keçirir.
Dədə Qorqudun Novruz təbrikindən sonra meydanda qurulan bayram tonqalı qalanıb. Tonqalı Vətən müharibəsi şəhidlərinin övladları alovlandırıblar.
Bayram şənliyində rayonun musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, idmançılar, balaca gimnastlar, pəhləvanlar öz məharətlərini göstəriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.
Müxbir – Mustafa Dadaşov