Şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin iştirakçıları üçün həftə sonu ekskursiyaları olub
Bakı, 12 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”nin iştirakçıları üçün həftə sonu ekskursiyaları olub.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşərgə iştirakçıları günə Azərbaycan Televiziyasına (AZTV) ekskursiya ilə başlayıblar. Uşaqlar studiyalara baxıb, verilişlərin hazırlanması prosesi ilə tanış olublar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov uşaqların sağlam və firavan böyüməsinin, rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib, onları maraqlandıran sualları cavablandırıb.
Daha sonra düşərgə iştirakçıları Dənizkənarı Bulvarda gəzintilərini davam etdiriblər. “McDonald's” restoranlar şəbəkəsində nahar etdikdən sonra iştirakçılar “Elite Horse & Polo Club”a yollanıblar. Atçılıq Mərkəzində çaparların müşayiəti ilə at çapan uşaqlar əyləncəli anlar yaşayıblar.
Şəhid övladları üçün nəzərdə tutulmuş düşərgənin axşam əyləncəsində düşərgə iştirakçıları “Bozbash Pictures” komandasının üzvləri ilə görüşüblər və aktyorlarla birlikdə sevimli “Bombaltı” filminə baxıblar.