Şəhid qardaşı: Prezident İlham Əliyevin siyasəti xalqımıza uğur gətirəcək
Bakı, 2 fevral, AZƏRTAC
Vətən yalnız coğrafi ərazi deyil. Vətən təkcə bizim üstündə dünyaya gəldiyimiz, havasını udub, suyunu udduğumuz məkan deyil. Vətən həm də onun üzərində axıdılan şəhid qanı ilə bizə əziz və doğmadır. Başqa sözlə, şəhidlər torpağı vətənə çevirənlər, onu müqəddəsləşdirənlərdir. Milli Ordunun döyüşçüsü olan qardaşım Xəlilov Mehman bu torpağı bizə doğmalaşdıran şəhidlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri şəhid Mehman Xəlilovun qardaşı Sənan Xəlilov deyib. Mehman 1973-cü ildə Zərdab rayonunun Şəftəhal kəndində doğulmuşdu.1991-ci il iyunun 5-də hərbi xidmətə çağırılıb. 1993-cü il aprelin 5-də Kəlbəcər uğrunda gedən döyüşlərdə həlak olub.
Ölkəmizdə hərbi qulluqçuların ailələrinə göstərilən diqqət və qayğı barədə danışan Mehman dövlətin bu dəstəyinə görə öz təşəkkürünü bildirib: ”Məşhur “Dədə Qorqud” filmində deyildiyi kimi, torpağı gərək qoruyasan. Onu qorumasan, onda əkib-becərməyə dəyməz. Əkib-becərməsən, onu qorumağa dəyməz. Qardaşım bu torpağı qorumağı canından da üstün tutdu. Nə qədər ki, belə oğullar var, nə qədər ki, vətən üçün hər şeyindən keçməyə hazır olanlar var, onu heç kəs nə işğal edə, nə də orda məskunlaşa bilməz. Belə fədakar oğulların urvatlı tutulması vətənpərvərlik hissini gücləndirir, gənclər, yeniyetmələr arasında doğma yurda olan sevgi hissini artırır. Dövlət başçısının hərbi qulluqçular barədə verdiyi son Fərman, onların vərəsələri qarşısında yüksək vətənpərvərlik duyğuları ilə çıxışı bu sahədə əhəmiyyətli rol oynayır. Atılan son addımların cəmiyyətdə də rəğbətlə qarşılandığı açıqca hiss olunur. Bütün bunlardan sonra düşmən işğalı altında olan torpaqlarımızın azad olunacağını, qardaşımın qanının yerdə qalmayacağına inam hissim artıb”.
Şəhid döyüşçünün anası Firoza xanım övlad itkisinin ağırlığından, Mehmanın vətənpərvərliyi, yurd sevgisi haqqında danışıb və Prezident İlham Əliyevin humanist addım ataraq 1997-ci il avqustun 2-dək şəhid olan bütün hərbi qulluqçuların ailəsinə göstərdiyi maddi və mənəvi dəstəyi yüksək qiymətləndirib.
Sənan Xəlilov Prezident İlham Əliyevin apardığı ordu quruculuğunu, hərbi sənayenin inkişafına ayırdığı diqqəti, döyüş bölgələrinə vaxtaşırı səfərlərini, 2016-cı ilin aprelindəki uğurlu əməliyyatları xüsusi qeyd edərək bu siyasətin xalqımıza uğur gətirəcəyinə inandığını bildirib.