Şəhid Vüqar Vəliyevin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib
Ağdam, 17 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi Vüqar Emin oğlu Vəliyevin xatirəsinə həsr olunmuş voleybol turniri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağdam rayonu üzrə Gənclər və idman sektorunun, Təhsil sektorunun, Ağdam Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutan turnir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək şəhid Vüqar Vəliyevin keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından danışıb, iştirakçılara uğurlar arzulayıb.
Yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin sonunda qaliblərə kubok və hədiyyələr təqdim olunub.
Şəhid Vüqar Vəliyevin anası Gülzadə Vəliyeva yarışın təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. 2020-ci il oktyabrın 17-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.