Şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün nümunədir
Ağcabədi, 6 noyabr, AZƏRTAC
Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında rəşadət göstərərək düşmən üzərində Şanlı Zəfər qazandı. Qəhrəman hərbçilərimizin, şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün nümunədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədidə Vətən müharibəsi qaziləri ilə yeniyetmə və gənclərin onlayn görüşündə səsləndirilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Ağcabədi Pedaqoji Kollecin tələbələri, Gənclərin İnkişafı və Karyera Mərkəzinin könüllü gəncləri və məktəblilər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Gənclər və İdman İdarəsinin əməkdaşı Cavid Bünyadov onlayn görüşdə çıxış edərək, tarixə 44 günlük müharibə kimi yazılan Vətən müharibəsindən, Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi, ordu və xalq birliyi sayəsində qazanılan şanlı qələbədən danışıb.
Sonra Vətən müharibəsi iştirakçıları və qazilər döyüş yollarından bəhs ediblər. Bildiriblər ki, onlar Vətən qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Haqq döyüşündə Azərbaycan xalqının dəstəyi onlara əlavə güc verib.
Onlayn görüşdə Vətən müharibəsi iştirakçıları, qazilər yeniyetmə və gəncləri maraqlandıran sualları cavablandırıblar.