Səhiyyə Nazirliyi vətəndaşları COVID-19 əleyhinə peyvənd vurdurmağa çağırır
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı yenidən artıb. Lakin ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir. Bunun səbəbi isə ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov vaksinasiya mövzusunda sualları cavablandırarkən bildirib.
P.Abubəkirovun dediyinə görə, vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar: “Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə indiki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır”.
Şöbə müdiri bildirib ki, peyvənd olunan insanların müəyyən qismi virusa yoluxa bilərlər, amma xəstəliyi yüngül keçirəcəkləri
dünyada aparılan tədqiqatlarla sübuta yetirilib: "Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır. Buna görə də Səhiyyə Nazirliyi vətəndaşlardan vaxt itirmədən vaksin olunmalarını xahiş edir".