Şəki "ASAN Həyat" kompleksi - 5 il
Bakı, 30 oktyabr, AZƏRTAC
Şəki "ASAN Həyat" kompleksinin açılışından 5 il ötür.
Şəki “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2018-ci il oktyabrın 29-da keçirilib. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, "ABAD" mərkəzi, ASAN Təlim mərkəzi, ASAN kinoteatr, ”ASAN peşə”, “INNOLAND AREA” mərkəzi, ASAN Kafe və ASAN park fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Şəki regional “ASAN xidmət” mərkəzi 2018-ci il dekabrın 11-də fəaliyyətə başlayıb. Mərkəz Şəki, Zaqatala, Qax və Oğuz rayonlarında qeydiyyatda olan 418 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 1 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
“ASAN peşə” - ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi üçün yaradılıb. Burada tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi, eləcə də gənclərin dərzi, informasiya texnologiyaları peşələrinə yiyələnmələri lazımi şəraitə malik sinif otaqları mövcuddur.
“INNOLAND AREA” mərkəzinin yaradılmasında məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən regionlarda yaşayan 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.
Kompleksdə 150 nəfər tutumu olan 2 kinoteatr var.
Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafe, uşaq guşəsi də fəaliyyət göstərir.
Kompleksin həyətində sahəsi 2.4 hektar olan “ASAN park” salınıb. Parkın ərazisində fəvvarə, uşaq meydançası, açıq havada konsert meydançası və kafe fəaliyyət göstərir. Həmçinin velosiped və avtomobil dayanacağı da yaradılıb.