İri sənaye müəssisələrindən olan “Şəki-İpək” ASC-nin istehsal gücünün artırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər müsbət nəticəsini vermişdir. 2004-cü ilin birinci yarısında burada məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 dəfə artaraq 4 milyard 264,4 milyon manata çatmışdır. Beləliklə, əvvəlki illə müqayisədə 4 milyard 13,5 milyon manatlıq çox məhsul istehsal olunmuşdur. Cari ilin ilk 6 ayında müəssisə üzrə hazır məhsul satışı 2 milyard 480,5 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çoxdur. Müəssisənin nəzdində fəaliyyət göstərən və respublikamızın sənayesində ilk addımlarını atan təbii ipək xalça sexində ilin birinci yarısında 44 kvadratmetr xalça toxunmuşdur. Hazırda “Şəki-İpək” ASC-nin məhsulları Misir, Türkiyə, İran və digər xarici ölkələrə ixrac edilir.
Səhmdar cəmiyyətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 1200 nəfər işçinin birnövbəli iş rejimində çalışdığı müəssisədə baramaaçma istehsalatının tam gücü ilə, toxucu, burucu və boyaq-bəzək sahələrinin isə 70 faizlik istehsal gücü ilə işləməsi məhsul buraxılışının yüksəlməsində əsas amillərdən biri olmuşdur.
Hazırda müəssisədə istismar dövrünü başa vurmuş köhnə avadanlıqların, maşın və dəzgahların yeniləri ilə əvəz edilməsi, məhsul istehsalının dünya standartları səviyyəsinə çatdırılması üçün kompleks tədbirlər həyata keçirilir.