RƏSMİ XRONİKA
ŞƏKİ İPƏYİ ÖZ ŞÖHRƏTİNİ QAYTARMALIDIR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində olmuşdur.
Prezidenti və xanımını müəssisənin həyətində gül-çiçəklə qarşıladılar.
Dövlətimizin başçısı əvvəlcə, baramaaçma sexinə gəldi. Əsaslı şəkildə yenidən qurulan sexdə 650 nəfərədək işçi çalışır, orta aylıq əmək haqqı 60-70 manatdır. Prezident burada istehsal prosesi ilə tanış oldu, işçilərlə səmimi söhbət etdi, qayğı və problemləri ilə maraqlandı və onlarla xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev müəssisənin həyətində texniki təmir-bərpa sahəsi ilə, burada nümayiş etdirilən kənd təsərrüfatı texnikası ilə tanış oldu.
Dövlətimizin başçısı 200 nəfərə yaxın işçinin çalışdığı toxuculuq sexində ipək parça istehsalı prosesini yaxından izlədi. Müəssisədə istehsal olunan ipək parça, kəlağayı, xalça və digər məhsulların nümayiş etdirildiyi çeşidlər otağına baxdı. İpək xalçaların toxunması prosesi də böyük maraq doğurdu. Burada Prezidentə ipək xalça hədiyyə olundu.
Hazırda səhmdar cəmiyyətdə 1600 nəfərə yaxın işçi çalışır. Respublikamızın baramaçılıq və pambıqçılıq rayonlarında isə 20 min nəfərə yaxın adam mövsümi işlərə cəlb edilir. “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzrə investisiya müsabiqəsinin qalibi olan “Pərvanə” Məhdud Məsuliyyətli Cəmiyyəti bu iri sənaye müəssisəsinin fəaliyyətini genişləndirməklə respublikamızda baramaçılığın inkişafını təmin etmək məqsədi ilə yeni inkişaf proqramı həyata keçirir. Müəssisəyə ümumilikdə 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Gələcəkdə baramaaçma istehsalatının ikinövbəli iş rejiminə keçirilməsi nəzərdə tutulur ki, bu da əlavə olaraq, 600 nəfərin daimi işlə təmin edilməsinə şərait yaradacaqdır.
Prezidentə məlumat verildi ki, 2005-ci ildə müəssisədə 59,2 ton xam ipək, 437,1 min poqonmetr təbii, süni və pambıq parça, 15,2 ton burulmuş sap, 137,1 kvadratmetr təbii ipək parça, 135,9 min ədəd müxtəlif ölçülü kəlağayı və digər məhsullar istehsal olunmuşdur. Müəssisənin xammalla təchizatını yaxşılaşdırmaq məqsədi ilə baramaçılıq və pambıqçılıqla məşğul olan rayonlarda fermerlərlə işgüzar əlaqələr qurulmuşdur. Son iki ildə səhmdar cəmiyyəti rayonlarda 200 hektara yaxın torpaq sahəsi icarəyə götürərək, 3 milyon ədəd tut tingi əkmişdir.
Prezident İlham Əliyev müəssisənin indiki vəziyyətindən razılığını ifadə etdi, tövsiyə və tapşırıqlarını verdi. Bildirdi ki, bu müəssisənin məhsullarına həm daxili, həm də xarici bazarda tələbat böyükdür və ona görə də istehsalın genişləndirilməsi məqsədəuyğundur.