Şəki Regional Elmi Mərkəzində aparılan tədqiqatlar barədə məruzələr dinlənilib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində (REM) “Elm düşüncənin çırağıdır” mövzusunda tədbir təşkil olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Şəki REM-in elmi işlər üzrə direktor müavini dosent Kamil Adışirinov Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və bu sahədə ardıcıl tədbirlər həyata keçirildiyini söyləyib. O, həmçinin qeyd edib ki, xüsusilə gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi və elmi mühitdə fəallığının artırılması gələcək elmi potensialın formalaşmasında mühüm rol oynayır.
Tədbirdə “XIX–XX əsrlərdə Balakənin elm-irfan nümayəndələri”, “Azərbaycanın XX əsr ərəbşünas alimləri” mövzularında məruzələr dinlənilib.
Sonra Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi nəşrləri haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, nəşr olunan əsərlər yalnız folklor nümunələrinin toplusu deyil, eyni zamanda, elmi-tədqiqat xarakteri daşıyaraq dil, etnoqrafiya, tarix və ədəbiyyat sahələrində mühüm mənbə rolunu oynayır. “Şəki folkloru antologiyası”, “Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar”, “Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə” kimi toplular xalq müdrikliyinin, adət-ənənələrin və qədim biliklərin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, ikicildlik “Şəkidə məhəllə adları, soylar və ləqəblər”, “Qədim türk-Oğuz yurdu Oxud” və “Göynük mahalı: ictimai-siyasi, mədəni-tarixi və folkloru”, “XX əsr Şəki ədəbi-mədəni mühiti”, “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı”, “Yaqub Mahirin poetik irsi”, “Şəki ədəbi mühitində Sabir satira ənənələri” kitabları haqqında məlumat verilib.
Tədbirdə, həmçinin “Azərbaycanda elmi potensialın gücləndirilməsində gənclər və dövlət siyasəti” mövzusunda məruzə dinlənilib.