MƏDƏNİYYƏT
Şəki və Oğuz məktəbliləri Qusarda mehribanlıqla qarşılandılar
AZƏRTAC xəbər verir ki, məktəblilərin Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başladı.
Rayon icra hakimiyyəti başçısının müavini Zoya Eldarova və digər rəsmi şəxslər qonaqlara Qusar haqqında ətraflı məlumat verdilər. Məktəblilər buradakı yüksəklikdən Qusar şəhərinin panoramına tamaşa etdilər və xatirə şəkilləri çəkdirdilər.
Sonra tur-aksiyanın iştirakçıları “Şahdağ” Qış-Yay Turizm Kompleksində oldular. Onlara turizm kompleksində yaradılan şərait, buradakı istirahət və əyləncə növləri haqqında ətraflı məlumat verildi. Məktəblilər kompleksdə yay istirahəti üçün nəzərdə tutulan xidmətlərindən yararlandılar.
Sonra Qusar şəhərindəki Heydər Əliyev Mərkəzinə gələn tur-aksiyanın iştirakçıları burada Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə böyük maraqla baxdılar. Onlara ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafı, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi naminə gördüyü əvəzsiz işlər haqqında geniş məlumat verildi.
Məktəblilər Qusar Tarix-Diyarşünaslıq Muzeyi və rəsm qalereyası ilə də yaxından tanış oldular.
Tur-aksiyanın iştirakçıları Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini də ziyarət etdilər. Diqqətə çatdırıldı ki, bu türbə XVI əsrdə Azərbaycanda tikilən və Səfəvilərin yadigarı olan abidələrdən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib.
Avqustun 30-da Şəki və Oğuz məktəblilərindən ibarət qruplar Quba rayonunun görməli yerlərinə ekskursiya edəcəklər.