RƏSMİ XRONİKA
ŞƏKİ XANLARININ SARAYI İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdən sonra Şəki xanlarının sarayına gəlmişdir.
Milli geyimli oğlan və qız dövlətimizin başçısına və xanımına gül dəstələri təqdim etdilər. Şəkinin özfəaliyyət kollektivləri üzvlərinin ifasında milli rəqslər və xalq mahnıları maraqla qarşılandı.
Prezident İlham Əliyev sarayın xarici görünüşünü, 1530-cu ildə əkilmiş çinarı seyr etdi.
Şərq memarlığının nadir incilərindən olan saray Şəki xanlığının əsasını qoyan Hacı Çələbinin nəvəsi Hüseyn xanın dövründə - 1761-62-ci illərdə tikilmişdir. Şəkinin rəmzi sayılan və vaxtilə iri memarlıq kompleksinin tərkib hissəsi olan saray 1955-1965-ci illərdə memar H.Rzayevin layihəsi əsasında bərpa olunmuşdu. Lakin illər ötdükcə, abidənin yenidən bərpasına ehtiyac yaranmışdı.
Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış kredit sazişi əsasında 2002-ci ilin sentyabrında Şəki xanları sarayının əsaslı bərpa işlərinə başlanmışdır. Bunun üçün Dünya Bankı tərəfindən 3,2 milyon ABŞ dolları ayrılmışdı. Bərpa işlərini Almaniyanın “Denkmalrfleqe Mesklenburq” şirkəti yerli sənətkarlarla birlikdə birgə həyata keçirmişdir. Abidənin bünövrəsində möhkəmləndirmə və izolyasiya işləri görülmüş, dam örtüyü tamamilə sökülərək, yeni layihə ilə bəpa edilmiş, elektrik və su xətləri təzələnmiş, yeni inzibati bina tikilmişdir. Sarayın şəbəkəli pəncərələri, divar rəsmlərinin qopmuş yerləri tədqiq olunaraq, bərpa edilmiş, həyətdə abadlıq işləri görülmüşdür.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sarayın ayrı-ayrı otaqlarını gəzdilər. Dövlətimizin başçısı görülən işləri, milli ornamentlərin, Şərq üslubunun qorunub saxlanmasını yüksək qiymətləndirdi. Azərbaycanın milli mədəniyyət abidələrinin qorunmasına bundan sonra da dövlət tərəfindən qayğı göstəriləcəyini xüsusi vurğuladı.