Şəkidə Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
Şəki, 8 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Şəkidə bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə şəhərin mərkəzi parkında “Bir bayraq altında” adlı aksiya keçirilmişdir. Şəhər Gənclər və İdman İdarəsinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada gənclər dövlət atributlarımızdan olan Azərbaycan bayrağına hörmət və ehtiramlarını bildirmişlər. Tədbirdə çıxış edənlər gənc nəslin Vətənə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə olunmasının vacibliyindən danışmış, başımız üzərində dalğalanan üçrəngli Azərbaycan bayrağının hər birimiz üçün ali dəyər, qürur və mərdlik mənbəyi olduğunu vurğulamışlar.
Aksiyanın sonunda şəhər sakinlərinə Azərbaycan bayrağı haqqında bukletlər paylanmışdır.
Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Şəki şəhərində idman spartakiadası təşkil olunmuşdur. Şəhərin müxtəlif idman salonlarında keçirilən voleybol, basketbol, stolüstü tennis və digər idman növləri üzrə yarışlarda beş yüz nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir. Spartakiadanın qalibləri kubok, medal və fəxri fərmanlarla mükafatlandırılmışlar.