Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
Şəki, 15 may, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Şəki şəhərində keçirilən zona mərhələsinin yarışları Qəbələ rayonunun komandasının qələbəsi ilə başa çatıb. Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərindən təşkil edilmiş komandalar mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yarışın açılış mərasimində Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək, “Şahin” hərbi-idman oyununun gənclərdə vətənpərvərlik ruhunun, komandada çalışma bacarığının və fiziki hazırlığın artırılmasında mühüm rol oynadığını bildirib, komandalara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Zeynəddin Azaqov çıxışında hərbi-vətənpərvərlik istiqamətində keçirilən bu cür yarışlarda gənclərin fəal iştirakının önəmini vurğulayıb.
Əsasnaməyə uyğun olaraq, əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar müxtəlif mərhələlər üzrə yarışlarda qüvvələrini sınayıblar.
Zona yarışında birinci yeri tutan Qəbələ rayonunun komandası, eyni zamanda, hərbi-idman oyununun final mərhələsinə vəsiqə qazanıb. Zona turunun yekun nəticələrinə əsasən, Oğuz və Qax rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalar kubok və diplomlarla təltif olunublar.
Müxbir – Mustafa Dadaşov