Şəkidə tibbi müayinədən keçənlərin 64 nəfəri stasionar müalicəyə cəlb olunub
Şəki, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin pulsuz kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Şəki rayonunda da mütəşəkkil davam etdirilir. Fevralın 12-dən başlanan aksiya çərçivəsində indiyədək 51 mindən çox sakin müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə edib. Şəki şəhərində və 9 kənddə tibbi müayinələr artıq başa çatıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri Nazim Əliyev məlumat verib.
Şöbə müdirinin bildirdiyinə görə, müayinələr əvvəlcədən tərtib olunan cədvəl əsasında həyata keçirilir. Müayinə olunanlar arasında ürək-damar, endokrin, oynaq, kəskin respirator və göz xəstəliklərindən əziyyət çəkənlər üstünlük təşkil edir. Belə xəstələrə müalicə təyin edilir, lazımi məsləhətlər verilir.
Ümumiyyətlə, indiyədək müayinə olunanların 1981 nəfəri ambulator, 64 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 31 nəfər daha ətraflı müayinə və müalicə almaq üçün paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Müayinədən keçən insanlar onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, belə aksiyaların davamlı olmasını arzulayırlar.