ŞƏKİDƏ YENİ QUŞÇULUQ KOMPLEKSLƏRİ TİKİLİR
Şəkidə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsinə başlanmışdır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda şəhərin ərazisində illik istehsal gücü 7 min ton olan quşçuluq-broyler fabrikinin tikintisi sürətlə davam etdirilir. Müəssisədə dəyəri 2 milyon 227 min avro olan yeni texnoloji avadanlıq quraşdırılır. İndiyədək burada 2 min ton istehsal gücünə malik olan avadanlığın quraşdırılması işi başa çatdırılmışdır. İyulun sonunadək müəssisədə məhsul buraxılışına başlamaq nəzərdə tutulur.
Bundan əlavə, həmin ərazidə illik istehsal gücü 110 milyon ədəd yumurta olan yeni quşçuluq kompleksi də tikilir. Müəssisədə quraşdırılacaq avadanlığın ümumi dəyəri 8,2 milyon avrodur. Həmin müəssisədə də iyul ayından etibarən məhsul buraxılışına başlanması planlaşdırılır.
Tezliklə Şəki şəhərində ildə 3 min ton hind toyuğu əti istehsal edəcək yeni fermanın tikintisinə də başlanacaqdır. Bu məqsədlə şəhərin girişində 60 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda burada layihələndirmə işləri aparılır. Müəssisənin 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Yeni yaradılan bu müəssisələr rayonda ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, əhalinin məşğulluq probleminin həllinə də müsbət təsir göstərəcəkdir.