ŞƏKİLİ MƏZUNLARDAN 413 NƏFƏRİALİ MƏKTƏBLƏRƏ DAXİL OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin də qatıldığı tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov qəbul imtahanlarında yüksək nəticələr göstərərək, tələbə adını qazanmış gəncləri şəhər ictimaiyyəti adından təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın ötən tədris ilinin yekunlarına həsr olunmuş məruzəsində ali məktəblərə qəbul imtahanlarında Şəkinin ümumtəhsil məktəblərinin 413 nəfər məzununun yüksək bilik nümayiş etdirərək, tələbə adını qazanması, onlardan 78 nəfərinin 500-dən 600 baladək, 17 nəfərinin isə 600-dən çox bal toplaması pedaqoji kollektivlər tərəfindən aparılan səmərəli işin və müəllimlərin gərgin əməyinin məntiqi nəticəsi kimi qiymətləndirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrləri ərzində təhsilin inkişafına daim yüksək diqqət və qayğı göstərdiyini qeyd edən natiq, hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Natiq xüsusi vurğulamışdır ki, Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə əvəzolunmazdır. Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı Şəkidə də uğurla yerinə yetirilir. Hazırda bu proqram çərçivəsində təkcə Şəki şəhərində 240 yerlik 3 yeni məktəb binası inşa edilir.
Görüşdə çıxış edən tələbələr, onların valideynləri, müəllimlər Azərbaycan təhsilinin inkişafına və gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və onun xanımına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.