SEMİNAR KORRUPSİYAYA QARŞI MÜBARİZƏYƏ HƏSR OLUNMUŞDUR
Seminarı açan Baş prokurorun birinci müavini Rüstəm Usubov mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı barışmaz mübarizənin Sovetlər İttifaqı məkanında ilk dəfə məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başladığını, ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətdə daha qətiyyətli tədbirlərin görüldüyünü xatırlatmışdır. O, “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Prezident Heydər Əliyevin 1994-cü il avqustun 9-da imzaladığı Fərmanla mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətlərin müəyyənləşdirildiyini, kəsərli qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Ölkəmizdə azad sahibkarlığın və özəl sektorun inkişafı yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması məqsədi ilə ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlərin korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynadığını vurğulayan Baş prokurorun birinci müavini demişdir ki, 2000-ci ildən etibarən bu mübarizə tamamilə yeni müstəviyə qaldırılmışdır. “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 2000-ci il 8 iyun tarixli Prezident Fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsinin başlandığı vurğulanmış, Prezident İlham Əliyevin müvafiq qərarı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi dəyərləndirilmişdir.
Mövzu ilə bağlı çıxışlarda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun nəzəri aspektləri, Avropa konvensiyalarının milli qanunvericiliyə implementasiyası nəticəsi kimi korrupsiya hüquqpozmalarının subyektləri sırasında hüquqi şəxslərin nəzərdə tutulması, dövlətimizin başçısı İlham Əliyevin göstərişlərinə müvafiq olaraq, iqtisadiyyatımıza böyük zərbə vuran saxta hesab-fakturalardan istifadə edilməsi hallarına qarşı mübarizənin təşkili məqsədi ilə Respublika Prokurorluğu yaradılmış işçi qrupu tərəfindən görülən işlər, eləcə də bu kateqoriyadan olan hüquq pozuntularının aradan qaldırılması üçün hazırlanan təkliflər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin formalaşdırılması istiqamətində həyata keçirilən təşkilati tədbirlər və idarə tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.
Çıxış edənlər seminarın korrupsiyaya qarşı mübarizənin düzgün təşkili sahəsində nəzəri və təcrübi əhəmiyyət daşıdığını qeyd etmişlər.
Canlı diskussiya və maraqlı müzakirələr şəraitində keçən seminarda Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov iştirak etmişdir.