ELM VƏ TƏHSİL
Seminar: “Vicdan insanın özünə qayıdış imkanı kimi”
Bakı, 16 fevral, AZƏRTAC
AMEA İqtisadiyyat İnstitutunda “Kreativ iqtisadiyyat” diskussiya klubunun növbəti toplantısı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Vicdan insanın özünə qayıdış imkanı kimi” mövzusunda məruzə edib.
Məruzəçi cəmiyyətdə insan amili, insan əxlaqı, etika, əxlaqın mənbəyi və əsas mahiyyəti, əxlaq və din münasibətləri, İslamda əxlaq, müxtəlif dünyagörüşlərində əxlaq, vicdan və onun mahiyyəti, fəlsəfəsi, vicdan məfhumunun etimoloji əsasları, cəmiyyətdə ədalətli davranış, vicdan anlayışına müxtəlif prizmalardan yanaşmalar, vicdana əsaslanan etik normalar və filosofların tarixən ona müxtəlif baxışları və s. mənəvi-fəlsəfi məsələlər haqqında danışıb.
Toplantıda vicdan anlayışı, insanların davranışları və cəmiyyətdə ədalət, həqiqət və reallıqlar, insan mənəviyyatı məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, “Kreativ İqtisadiyyat” diskussiya klubunda mütəmadi olaraq seminarlar keçirilir, onun fəaliyyəti iqtisadçı alimlərin dövlət qurumları ilə əməkdaşlığını gücləndirmək baxımından da böyük əhəmiyyət kəsb edir. Burada təkcə institutun alimləri deyil, həmçinin kənar təşkilatlardan dəvət olunmuş mütəxəssislər, dövlət və hökumət orqanlarının nümayəndələri çıxış edirlər.