ŞƏMKİR QHT-LƏRİN REGİONAL RESURS VƏ TƏLİM MƏRKƏZİNDƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 23-də Şəmkir QHT-lərin Regional Resurs və Təlim Mərkəzində BMT-nin İctimai İnformasiya Departamenti, İnsan Hüquqları üzrə Müvəkkil və Milli QHT Forumu “Gənclər üçün layiqli və məhsuldar iş imkanlarının yaradılması: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirmişlər.
Rayon gənclərinin iştirak etdiyi tədbirdə mərkəzin direktoru Fuad Bədəlov, Birləşmiş Millətlər Təşkilatı İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən Gülşən Paşayeva, Respublika Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, YUNİCEF-in, AİESEK Beynəlxalq tələbə təşkilatının, “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin təmsilçiləri və başqaları çıxış etmişlər.
Qeyd olunmuşdur ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları hər il əmək bazarına daxil olan gənc qadın və kişilər üçün layiqli və sabit iş yerləri təmin etmək zərurəti ilə üz-üzə qalır. Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar iqtisadiyyatin dinamik inkişafını və əhalinin rifahının əhəmiyyətli şəkildə yüksəlməsini təmin etmişdir. Ölkəmizdə BMT İnkişaf Proqramı (UNDP), Azərbaycan hökuməti və Beynəlxalq Əmək Təşkilatının bu yaxınlarda apardıqları araşdırmaların nəticələrinə görə 2003-2006-cı illərdə özəl və ictimai məşğulluğun strukturunda vacib dəyişikliklər baş vermişdir. Dövlət sektorunda işləyənlərin sayı 37,8 min nəfər və ya 3,2 faiz, qeyri-dövlət sektorunda isə 85,9 min nəfər və ya 3,4 faiz artmışdır.
Dəyirmi masada gəncləri maraqlandıran suallara da aydınlıq gətirilmişdir.