Şəmkir sərhəd dəstəsində “Heydər Əliyev milli sərhəd strategiyasının banisidir” mövzusunda konfrans keçirilmişdir
Şəmkir, 12 iyul (AZƏRTAC, Sabir Əliyev) Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsində Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev milli sərhəd strategiyasının banisidir” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın dövlət himninin oxunması ilə başlamışdır.
Hərbi hissənin komandiri vəzifəsini icra edən, polkovnik Elşən Rəhmanov müstəqil ölkəmizin Sərhəd Xidmətinin yaranma tarixinə nəzər salmışdır.
Sonra hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Nəsrəddin Abbasov 95 il ərzində Azərbaycan Sərhəd Xidmətində görülən işlərlə bağlı məruzə etmişdir.
Qeyd olunmuşdur ki, Ulu Öndərimizin hələ Azərbaycanda birinci hakimiyyəti dövründə Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratması bu gün müstəqil ölkəmizin hərbi mütəxəssislərlə təminatında mühüm rol oynayır. Hazırda Ümummilli Liderin sərhəd xidməti strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin etibarlı mühafizə olunması üçün məqsədyönlü iş aparılır.
Konfransda Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə və Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi Almaz Aşurov çıxış edərək Dövlət Sərhəd Xidmətinin yaradılması tarixindən danışmış, onun indiki inkişaf dövrünə nəzər salmışlar.
Sonda Dövlət Sərhəd Xidmətinə həsr olunmuş film nümayiş etdirilmişdir.