Şəmkirdə taxıl biçininə hazırlıq işləri başa çatıb
Şəmkir, 26 may, Famil Quliyev, AZƏRTAC
Taxılçılıq Şəmkir rayonunda aparıcı təsərrüfat sahələrindəndir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi rayonda taxılçılığın ildən-ilə inkişafına səbəb olub.
Şəmkirli taxılçılar cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Torpaq mülkiyyətçiləri ötən ilin payızında 14 min 383 hektar taxıl əkiblər ki, bunun da 12 min 201 hektarı buğda, 2 min 188 hektarı arpa sahəsidir. Havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən taxılçılar bu il sahələrdə bol məhsul yetişdiriblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yetişmiş məhsulu qısa müddətdə toplamaq üçün artıq rayonda biçinə hazırlıq işləri başa çatdırılıb. Sahələrə çıxarılacaq kombaynlar texniki baxışdan keçirilib, aşkar olunan nasazlıqlar aradan qaldırılıb. Həmçinin məhsul yığımı üçün lazım olan maşın-mexanizmlər də hazır vəziyyətə gətirilib.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işi aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə rayonda biçin kampaniyasına start veriləcək.
Qeyd edək ki, ötən il rayonda 14 min 129 hektar taxıl sahəsindən 43 min 152 ton məhsul götürülüb. Bunun da 16 min 233 tonu arpa, 26 min 822 tonu isə buğda olub.